2020-ci ildə hüquq şirkətlərinin biri üçün LinkedIn səhifəsinin yaradılması, optimizasiya olunması və müştəri bazasının artırılması ilə bağlı bir layihə götürdüm.
Layihəni həyata keçirmək üçün 2 nəfərdən ibarət bir komanda formalaşdırdım. Mənim prosesə qatqım, iş baxımından, çox az idi. İşin əsas hissəsi komanda tərəfindən icra olundu. Layihədən gördüyüm işin ağırlığı ilə müqayisədə yaxşı miqdarda gəlir əldə etdik. Həmin tarixdən etibarən məndə bir fərqindəlilik yarandı - Demək sosial mediada sahib olduğun bilgilər üzərində pul qazana və komanda formalaşdırıb onlara ötürərək vaxtına da qənaət edə bilərsən.
Bu gün:
- Tam ştat Satış Direktoru
- Sosial mediada məzmun paylaşan
- Linkedin marafonunun təşkilatçısı
- Təlimçi, kouç
- Startup-çı
olaraq fəaliyyət istiqamətlərim var. Bir işim digərinə maneə olmur.
Düzgün strategiya ilə bunların hər biri mümkündür. İndi gələk işin əsas hissəsinə:
1 - “İnsanlara nə lazımdır?” deyil “Siz nəyi yaxşı bilirsiniz ki, insanlara lazım ola bilər?”-ə cavab tapın.
Ən böyük yanlışlardan biri bazarda dəbdə olan mövzular (məhsullar) üzərindən bir yol tapıb pul qazanmağa çalışmaqdır. Düzdür ilk baxışda burada yanlış heç nə yoxdur kimi görünür, lakin gördüyünüz işdən zövq almırsınızsa əgər gec-tez yorulacaqsınız.
2 - Təyin etdiyiniz mövzu üzərindən aktiv şəkildə fərqli platformalar üzərindən post paylaşaraq “reklam” edin.
İnsanların sizin və xidmətinizin varlığından xəbərdar olmaları üçün post paylaşmaq mütləqdir. Buna müasir dildə desək, “özünü reklam” da deyə bilərik. İşin ən gözəl tərəfi bilirsiniz nədir? Bir qara qəpiksiz bunu etmək mümkündür. Sadəcə olaraq biliklərinizi paylaşmaq tələb olunur.
Digər bir məsələ - bütün platformalarda paylaşım etmək şərt deyil, amma çalışın ki, bacardığınız qədər fərqli platformalarda aktiv olasınız. Çünki hər platformada sizin potensial alıcınız ola bilər.
3 - Şərh və DM-lərinizi cavabsız qoymayın.
Postlarınıza və yazılan mesajlara cavab yazmağınız insanlarla aranızda bağ yaratmaq üçün əla vasitədir.
4 - Potensial alıcılara şəxsidə yazın.
İnsanların sizə yazmalarını gözləməyin. “Mən paylaşıram, lazım olsa özləri yazarlar” yanaşması çox yanlışdır. Potensial alıcılarınızı tapıb onlara şəxsidə yazın, xidmətlərinizi təklif edin. Bəzi insanlar ehtiyacları olduğu halda sizə yenə də yazmaya bilərlər. Ona görə də çalışın ki, ilk addımı siz atın.
5 - Deliqasiya edin.
İllərlə etdiyim ən ciddi yanlışlardan biri də bütün işi özümün görməyim olub. Məsələn, sosial media üçün videoları özüm çəkib, özüm editləmişəm çox vaxtı. Halbuki edit işini kiməsə “5-3 manata” ötürüb pul gətirən işlərə daha çox fokuslana bilərdim.
Sizlər də kiçik bir büdcə ilə vaxt aparan işləri kiməsə ötürə bilərsinizsə ötürün. Bunun üçün freelance fəaliyyət göstərən yoldaşlar tapıb onlarla əlaqə saxlaya bilərsiniz.
6 - Məhsuldan məhsul çıxarmağı bacarın.
Özüm üzərindən sizə nümunə verəcəm. Bu il Linkedin marafonu layihəm başladı. Marafonda başlanğıc etibarı ilə Linkedin ilə bağlı video məlumatlar paylaşırdım. Lakin eyni zamanda bilirəm ki, marafona qoşulub da deyilənləri tətbiq etməyə vaxtı olmayanlar da var idi. Mən onlara əlavə xidmət olaraq Linkedin konsultasiya, Linkedin hesabının optimallaşdırılması və s. Kimi xidmətlər də satdım. Beləliklə marafonun gətirdiyi gəlirdən daha çoxunu qazandım.
Bu günlük bu qədər ümid edirəm ki, məqalə sizlər üçün faydalı oldu.
Növbəti məqalədə görüşənədək!